Dekabrda Türkiyəyə idxal edilən xam neftin 70 %-i STAR NEZ-in payına düşüb
- 16 yanvar, 2024
- 09:37
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin dekabr ayında Türkiyəyə idxal edilən xam neftin 70 %-i Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) tərəfindən həyata keçirilib.
“Report” xəbər verir ki, bu barədə “Kommersant” nəşri “Kpler” analitik şirkətin məlumatlarına istinadən bildirib.
Qeyd edilib ki, ötən ilin son ayında Türkiyəyə idxal edilən Rusiya neftinin gündəlik tədarükü 444 min barel təşkil edib. Bu da rekord göstəricidir. Belə ki, dekabr ayında Rusiyanın dənizlə neft daşımalarının 13 %-i Türkiyənin payına düşüb.
Məlumata görə, Rusiyanın dənizlə neft daşımalarının 76 %-i isə Hindistan və Çinin payına düşüb.
Bildirilir ki, Türkiyəyə nəql edilən Rusiya neftinin artmasına səbəb STAR neft emalı zavodunun tədarükünü artırmasıdır. Rusiyanın Baltik limanlarından xam neftlə yüklənən tankerlər əsasən Türkiyənin Əliağa limanında boşaldılıb.
İlkin məlumatlara əsasən, 2024-cü ilin yanvar ayında Türkiyəyə ixrac ediləcək Rusiya neftinin həcmi gündəlik olaraq 400 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Rusiya neftinin Türkiyəyə neft və yanacaq tədarükünün əhəmiyyətli dərəcədə artması neft və neft məhsullarına bir sıra Avropa ölkələri tərəfindən qoyulmuş embarqonun nəticəsidir. Bu embarqo nəticəsində Rusiyanın Avropaya tədarükünü demək olar ki, dayandırıb. Avropa İttifaqı Rusiya neftinin dənizlə tədarükünə embarqo tətbiq edib, neft məhsullarının tədarükünə embarqo tətbiq olunmağa başlayıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Rusiyanın “Lukoil” şirkəti SOCAR-a məxsus Türkiyədəki zavodda Rusiya neftinin emalının bərpası üçün bu dövlət şirkətinə 1,5 milyard ABŞ dolları məbləğində kredit verəcəyini elan etmişdi. Elə həmin aydan Rusiyadan Türkiyəyə tədarüklər kəskin artmağa başlayıb.