“Bulgargaz”: "Bolqarıstan oktyabrdan etibarən Azərbaycandan qaz idxalını artıracaq"
- 02 oktyabr, 2021
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bolqarıstan dünya bazarlarında təbii qazın qiymətindəki sıçramaların fəsadlarını yumşaltmaq məqsədilə oktyabr ayından etibarən Azərbaycandan qaz idxalını artırmağı planlaşdırır".
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Bolqarıstanın ən böyük qazpaylaşdırma şirkəti olan “Bulgargaz”ın Baş direktoru Nikolay Pavlov bildirib.
“Bolqarıstana qaz tədarükünün həyata keçiriləcəyi Yunanıstan-Bolqarıstan xətti (Interconnector Greece – Bulgaria: IGB) hələ tikinti mərhələsində olduğundan və yalnız növbəti ilin iyul ayında istismara verilməsi planlaşdırıldığından Bolqarıstan Azərbaycandan illik 1 milyard kubmetr qaz idxalı müqaviləsinin yalnız bir hissəsindən istifadə edib”, – o deyib.
Yanvar ayından indiyədək Bolqarıstan bu xətt vasitəsilə cəmi 225 milyon kubmetr Azərbaycan qazı idxal edib.
Ümumilikdə isə Bolqarıstan hər il, təxminən, 3 milyard kubmetr qaz idxal edir.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.