Bu il Azərbaycan Türkiyəyə qaz nəqlini 14 %-dək artırıb
- 31 may, 2023
- 08:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 2 milyard 620,39 milyon kubmetr təbii qaz ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Bu, 2022-ci ilin ilk rübü ilə müqayisədə 13,7 % çoxdur.
Mart ayında isə Azərbaycan Türkiyəyə 922,81 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci ilin mart ayı ilə müqayisədə 21,17 % çoxdur.
Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 20,25 %-i Azərbaycanın payına düşüb.
Martda Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Bu ayda Rusiyadan Türkiyəyə 1 milyard 428,05 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin mart ayı ilə müqayisədə 48,16 % azdır.
Üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə mart ayında Türkiyəyə 916,7 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 25,79 % çoxdur.
Hesabat dövründə Türkiyə ümumilikdə 4 milyard 557,77 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 26,67 % azdır.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.