BP Bakı-Supsa neft kəmərinin operatorluğunu Azərbaycana və Gürcüstana ötürəcək
- 02 iyun, 2026
- 13:46
Yeniliklərdən dərhal xəbərdar olun!
BP şirkəti iyunun 8-də Bakı-Supsa neft kəmərinin operatorluğunu Azərbaycana və Gürcüstana ötürəcək.
"Report" xəbər verir ki, bu barədə şirkətin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel Bakıda jurnalistlərə açıqlamasında bildirib.
"İyunun 8-də BP Bakı-Supsa neft kəmərinin Azərbaycan və Gürcüstan hissələri üzərində operatorluğu onların sahiblərinə ötürəcək", - Q.Birrel "Report"un sualına cavabında deyib.
O vurğulayıb ki, operatorluğun təhvil verilməsi şirkətin bu aktivdən çıxması demək deyil: "Bu, sadəcə olaraq BP-nin 10 il əvvəl boru kəməri üzrə müqavilənin imzalanması zamanı müəyyən edilmiş müqavilə öhdəliyini yerinə yetirməsidir".
vitse-prezident əlavə edib ki, bu prosesi heç bir şəkildə BP-nin öz istəyi ilə əlaqələndirmək lazım deyil.
"Müqavilələr belədir. Bunlar əvvəllər imzalanmış sazişlərdir və boru kəmərinin keçmiş operatoru kimi bizim, əlbəttə ki, müqavilə öhdəliklərimiz var. Biz bu öhdəlikləri yerinə yetirərək boru kəmərini onun sahiblərinə qaytarırıq. Bu bizim istəyimiz deyil, müqavilə öhdəliyimizdir", - o vurğulayıb.
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə gəlincə, o dəqiqləşdirib ki, BP-nin bu neft kəməri üzrə operatorluğa dair "başqa öhdəliyi, başqa müqaviləsi" var.
"Bakı-Supsa üzrə müqavilə ayrıdır. Bu müqavilə üzrə öhdəlik - operatorluğu hər ölkədə hökumətə, onun sahibinə təhvil verməkdir, operatoru isə hökumət özü müəyyən edir. BTC üzrə razılaşmaya əsasən, Azərbaycanda, Gürcüstanda və Türkiyədə operatorluq SOCAR-a təhvil verilir. Bu da razılaşma əsasında iyulun əvvəlində baş verəcək", - o əlavə edib.
Xatırladaq ki, 2026-cı ilin mayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər.
"Bakı-Supsa" - "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulan ixrac marşrutudur. Neft kəmərinin uzunluğu 837 km-dir: bunun 775 km-i diametri 21 düym (530 mm) olan yeni boru kəmərindən, 55 km-i isə rekonstruksiya olunmuş kəmərdən ibarətdir. Kəmərin illik ötürücülük qabiliyyəti 7 milyon tondan çox (gündə 145 min barel) təşkil edir. Bu istiqamət üzrə nəql 2022-ci ilin yazında dayandırılıb.