Azərbaycanın qarşısında duran əsas vəzifə təbii sərvətləri milli inkişafın davamlı mənbəyinə çevirməkdir - RƏY

Energetika
  • 23 sentyabr, 2026
  • 17:19
Azərbaycanın qarşısında duran əsas vəzifə təbii sərvətləri  milli inkişafın davamlı mənbəyinə çevirməkdir - RƏY

Azərbaycan iqtisadiyyatının gələcək inkişafı yeni istehsal sahələrinin yaradılması, təbii sərvətlərin səmərəli işlənməsi və milli sənaye potensialının genişləndirilməsi ilə sıx bağlıdır.

Bunu "Report"a Milli Məclisin üzvü Elnarə Akimova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədəki çıxışı bu istiqamətdə qarşıya qoyulan hədəfləri aydın göstərir:

"Söhbət təkcə filiz hasilatından deyil, xammalın çıxarılmasından başlayaraq emal və hazır məhsul istehsalınadək uzanan bütöv sənaye zəncirinin yaradılmasından gedir".

Deputat vurğulayıb ki, Prezidentin "Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir" fikri proqramın strateji mahiyyətini ifadə edir:

Elnarə Akimova
"Dövlət başçısının çıxışında proqramların maliyyə təminatı və icra mexanizmləri ilə müşayiət olunmasının vacibliyi də vurğulanır. Dövlət investisiyaları, özəl sektorun iştirakı və xarici tərəfdaşlarla əməkdaşlıq layihələrin həyata keçirilməsində mühüm rol oynayacaq".

E. Akimova bildirib ki, strategiyanın əhəmiyyətli istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdəki qızıl, mis və molibden yataqlarının işlənməsidir.

"Ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi, Naxçıvanda kəşfiyyat işlərinin başlanması, Ağdərə, Kəlbəcər və Zəngilanda layihələrin irəlilədilməsi yeni iqtisadi imkanlar yaradır. Bu ərazilərdə sənaye müəssisələrinin qurulması məşğulluğun artmasına və doğma yurdlara qayıdışın iqtisadi əsaslarla möhkəmlənməsinə töhfə verə bilər".

Deputat vurğulayıb ki, Azərbaycanın qarşısında duran əsas vəzifə təbii sərvətləri milli inkişafın davamlı mənbəyinə çevirməkdir. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının nəticələri layihələrin vaxtında icrasından, istehsal zəncirinin bütövlüyündən, investisiyaların səmərəli yönəldilməsindən və ekoloji tələblərin qorunmasından asılı olacaq.