Azərbaycanın neft koksunun ixracından qazancı 49 % artıb
- 15 iyul, 2026
- 16:48
Bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 116 min 551,21 ton neft koksu ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 46 milyon 405,47 min ABŞ dolları təşkil edib.
Bu, 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 17,88 % və 49 % çoxdur.
Ötən 6 ay ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,28 % olub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb. Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.