Azərbaycandan Serbiyaya ixrac edilən qazın həcmi açıqlanıb
- 18 fevral, 2025
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan Serbiyaya 72 milyon kubmetrdən çox təbii qaz tədarük edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azərbaycan qazının Serbiyaya tədarükünə 2024-cü ilin fevralında başlanılıb.
Bildirilib ki, ötən ilin fevral-dekabr aylarında Serbiyaya 29 milyon 151,7 min ABŞ dolları dəyərində 72 milyon 63,95 min kubmetr qaz tədarük edilib. Serbiyaya tədarük Azərbaycandan qaz ixracının ümumi həcminin 0,28 %-ni təşkil edib.
Azərbaycan təkcə noyabr ayında Serbiyaya 14 milyon 882,24 min ABŞ dolları dəyərində 33 milyon 577,13 min kubmetr qaz tədarük edib.
Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsinin qeydə aldığı (bəyan edilən) həcmlərdən gedir.
Xatırladaq ki, 2023-cü il noyabr ayının 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında müqavilə bağlanıb. Müqavilədə 2024-2026-cı illərdə 400 milyon kubmetrə qədər Azərbaycan qazının tədarükü nəzərdə tutulub və 2027-ci ildən etibarən bu həcm artırıla bilər. Bundan başqa, bu il sentyabrın 26-da SOCAR və “Srbijagas” şirkəti 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr Azərbaycan qazının təchizatı haqqında alqı-satqı müqaviləsi imzalayıb.