Azərbaycan əsas tədarük bazarından "Premium" benzinin alışını kəskin azaldıb
- 21 sentyabr, 2022
- 13:13
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycan 54,273 milyon ABŞ dolları dəyərində 55 min 491 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,1 %, kəmiyyət olaraq – 35,3 % azdır.
Hesabat dövründə Rusiyadan 30,62 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,3 % azalıb) 31 min 645 ton (-31 %), Bolqarıstandan 11,846 milyon ABŞ dolları dəyərində 10 min 456 ton, Rumıniyadan 6,505 milyon ABŞ dolları dəyərində (-72,8 %) 7 min 286 ton (-77,5 %), Türkmənistandan 4,977 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 5 min 690 ton (+2 dəfə), Belarusdan 323,02 min ABŞ dolları dəyərində 413,75 ton məhsul alınıb.
Bir il 9 aylıq aradan sonra Bolqarıstandan "Aİ-95" benzinin alışı bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusdan tədarük həyata keçirilib.
Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (8 ölkədən) gətirilən 147 min 412 ton "Aİ-95" benzinin 44,5 %-i Rumıniyanın, 35,2 %-i Rusiyanın payına düşüb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Aİ-92" benzini, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.
NEZ-də artıq bu ildən "Avro-5" standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq. Növbəti bir il ərzində isə daha keyfiyyətli "Aİ-92" benzinin istehsalı və nəhayət "Avro-5" standartına cavab verən "Aİ-92" və "Aİ-95" benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur. Hal-hazırda ölkədə "Aİ-95" markalı avtomobil benzini istehsal olunmur.