Texniki Universitetdə işçilərin əməkhaqları artırılacaq
- 26 oktyabr, 2017
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetində (AzTU) noyabrın 1-dən etibarən əməkhaqları artırılacaq.
Universitetdən "Report"a verilən məlumata görə, AzTU-nun Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əməkhaqları 100 AZN məbləğində artacaq.
Tədris-köməkçi və xidmətedici heyətinin əməkhaqları isə 50 AZN məbləğində artacaq.
Növbəti ayın 1-dən hesablanacaq artıma əsasən, universitetin ümumi əməkhaqqı bazası 15 faiz çoxalacaq.
AzTU-nun Elmi Şurasında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan müzakirələrdə universitetin rektor əvəzi Xalıq Yahudov bildirib ki, əməkhaqlarının 2018-ci ilin əvvəlində yenidən artırılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetində əməkhaqları sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.