Psixoloq: Valideynlər uşaqlara insanın dəyərinin geyimi ilə deyil, biliyi və davranışı ilə ölçüldüyünü açıqlamalıdırlar
- 12 oktyabr, 2026
- 17:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Valideynlər uşaqlara insanın dəyərinin geyimi ilə deyil, biliyi, bacarığı və davranışı ilə ölçüldüyünü açıqlamalıdırlar.
"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin psixoloqu Aysel Novruzova deyib.
O bildirib ki, uşaqlar məktəb yaşında özlərini həmyaşıdları ilə müqayisə edirlər:
"Geyim, xüsusilə geyimin markası və qiyməti bu müqayisənin əsas səbəblərindən birinə çevrilə bilir. Vahid məktəbli forması sosial-iqtisadi fərqlərin daha az nəzərə çarpmasına, uşaqlar arasındakı ayrı-seçkilik riskinin azalmasına və məktəbə aidiyyət hissinin güclənməsinə kömək edir. Burada valideynlərin də rolu böyükdür. Uşaqlara geyim qaydalarının məqsədini düzgün izah etməli, eyni zamanda insanın dəyərinin geyimi ilə deyil, biliyi, bacarığı və davranışı ilə ölçüldüyünü açıqlamalıdırlar".
"Müəllim şagird üçün davranış modelidir. Uşaqlar müəllimi yalnız dediklərindən deyil, həm onun geyimindən, davranışından və özünü təqdim etmə tərzindən də öyrənirlər. Buna görə də, müəllimin geyiminin müəyyən olunmuş tələblərə və məktəb mühitinə uyğun olması məktəb mədəniyyətinin bir hissəsidir. Nəticə etibarilə də, şagirdlərin geyimi daha çox bərabərlik və aidiyyət, müəllim geyimi isə peşəkarlıq və nümunəvilik baxımından əhəmiyyətlidir".
Xatırladaq ki, Baş nazir Əli Əsədov sentyabrın 21-də "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.