ADB Azərbaycan Mərkəzi Bankı ilə tənzimləmə çərçivəsinin gücləndirilməsi üzrə əməkdaşlıq edir
- 28 oktyabr, 2026
- 10:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsi, mikromaliyyə sektorunun inkişafı və mikro, kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxış imkanlarının artırılmasını dəstəkləyir.
"Report" xəbər verir ki, bunu ADB-nin Azərbaycan nümayəndəliyinin ölkə direktoru Sunniya Durrani-Camal "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf konfransının iştirakçılarına videomüraciətində bildirib.
Onun sözlərinə görə, ADB Azərbaycanın uzunmüddətli tərəfdaşı olaraq ölkədə maliyyə inklüzivliyinin və mikromaliyyənin inkişafını fəal şəkildə dəstəkləməyə davam edir.
"Biz məqsədyönlü texniki yardım, siyasət üzrə məsləhətlər və özəl sektorun maliyyələşdirilməsi vasitəsilə Azərbaycanda maliyyə inklüzivliyini və mikromaliyyənin inkişafını fəal şəkildə dəstəkləyirik.
Azərbaycanda bu mühüm sektorun inkişafına göstərdiyimiz dəstəklə bağlı bir neçə əsas məqamı bölüşmək istərdim.
Birincisi, siyasət və tənzimləmə sahəsində dəstəkdir. Bir çoxunuzun bildiyi kimi, Asiya İnkişaf Bankı maliyyə inklüzivliyi və mikromaliyyə strategiyalarının hazırlanması, eləcə də mikromaliyyə və digər aşağı səviyyəli bazar seqmentlərində fəaliyyət göstərən maliyyə xidmətləri təchizatçıları üçün tənzimləmə çərçivəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) ilə tərəfdaşlıq edib.
İkincisi, ADB mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsini maliyyələşdirməyə davam edir. Bank "AccessBank" və digər regional maliyyə institutlarına məqsədyönlü maliyyələşmə təmin edir. Bu qurumlar isə öz növbəsində bizneslərin, o cümlədən qadınların sahib olduğu müəssisələrin kreditlərə çıxış imkanlarını genişləndirirlər.
Tarixən mikromaliyyə sektoru Azərbaycanın ümumi bank kredit portfelinin kiçik bir hissəsini təşkil edib və ÜDM-in təxminən 5 %-inə töhfə verib", - S. Durrani-Camal bildirib.
O hesab edir ki, bu istiqamətdə əsas təşəbbüslərdən biri 2 may 2025-ci ildə təsdiq edilmiş mikromaliyyə banklarına dair strateji icmaldır: "Bu sənəd daha geniş maliyyə və sektorun inkişafı strategiyasının bir hissəsidir.
Əminəm ki, bu gün aparılacaq müzakirələrin böyük bir hissəsi aralıq tənzimləmə islahatlarının müsbət və mənfi tərəflərinə, maliyyə institutlarının inkişafına, maliyyələşmə mənbələrinin şaxələndirilməsinə, risklərin bölüşdürülməsi mexanizmlərinə və yeni yol xəritəsi çərçivəsində proseslərin müəyyənləşdirilməsinə həsr olunacaq.
Bizdən tələb olunan da məhz budur. Mərkəzi Bank və digər tərəfdaşlarla birlikdə müvafiq rəyləri toplamalı və sektor üçün ən uyğun tənzimləmə modelini müəyyənləşdirməliyik".