BMT rəsmisi: Dünyada 133 milyon qız məktəb təhsilindən məhrumdur
- 28 oktyabr, 2026
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyada 133 milyon qız məktəbə getmək imkanından məhrumdur və 12 illik tam təhsil almaq üçün mövcud maneələr dövlətlərə məhsuldarlıq və gəlir itkisi şəklində 15 trilyon dollardan 33 trilyon dollara qədər başa gələ bilər.
"Report" xəbər verir ki, bunu "BMT-Qadınlar" qurumunun icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda (Nyaradzayi Gumbonzvanda) Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarına videomüraciətində deyib.
O, UNESCO-nun 2026-cı il üçün təhsilin monitorinqi üzrə qlobal hesabatına istinad edib. Bu hesabatda 273 milyon uşaq və gəncin, o cümlədən 133 milyon qızın məktəb təhsilinə çıxışının olmadığı əks olunub.
Qumbonzvanda qeyd edib ki, Azərbaycanın qızların təhsilinin inkişafı məsələlərinə sadiqliyi 2017-ci ildə Bakıda UNESCO-nun iştirakı ilə keçirilmiş görüşün yekunları üzrə başladılan təşəbbüsdə öz konkret ifadəsini tapıb. Həmin dövrdə qızların təhsilinə sərmayə qoyulması üçün qlobal humanitar çağırış elan edilmişdi.
İcraçı direktorun müavini həmçinin vurğulayıb ki, təxminən on il sonra forum əldə olunmuş tərəqqini qiymətləndirmək, hələ də davam edən problemləri müəyyənləşdirməyə, eləcə də qızların təhsilinə sərmayə qoyulmasına və qadınların iqtisadi imkanlarının genişləndirilməsinə ümumi sadiqliyi bir daha təsdiqləməyə imkan yaradır.
O, erkən nikahlar probleminə də diqqət çəkib.
"UNICEF-in hesablamalarına görə, hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur. 2030-cu ilə qədər bu təcrübənin aradan qaldırılması istiqamətində tədbirlərin icrasını əhəmiyyətli dərəcədə sürətləndirmək lazımdır", - o bildirib.
Qumbonzvanda beynəlxalq əməkdaşlığın vacibliyini də qeyd edib. Xüsusilə 2026-cı ilin aprelində "Texnologiyalar sahəsində bərabər imkanlar" proqramı genişləndirilərək Bəhreyni də əhatə edib. Təşəbbüs çərçivəsində Türkiyə və Azərbaycandan olan tərəfdaşlar şagirdlərin yeni texnologiyalar sahəsində bacarıqlarının inkişaf etdirilməsi üçün səylərini birləşdiriblər.
O vurğulayıb ki, dialoq ortaq məxrəclər tapmağa və ümumi dəyərləri qadınların və qızların hüquqlarının təşviqi üçün zəruri olan birgə fəaliyyətlərə çevirməyə kömək edir.