Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub - YENİLƏNİB
- 30 iyun, 2019
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün keçirdiyi test imtahanının nəticələri açıqlanıb.
DİM-dən “Report”a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 14 nəfər imtahana gəlməyib.
İmtahan nəticələri saat 17:03-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, BA1 altqrupu üzrə – 3 nəfər, BA2 altqrupu üzrə – 14 nəfər, BA3 altqrupu üzrə – 32 nəfər, BA4 altqrupu üzrə – 50 nəfər, BB1 altqrupu üzrə – 21 nəfər, BB2 altqrupu üzrə – 48 nəfər, BB3 altqrupu üzrə – 99 nəfər, BB4 altqrupu üzrə – 173 nəfər olmaqla, ümumilikdə 440 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün iyulun 1-dən 12-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.
İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 1–3 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).
***15:59
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirib.
Mərkəzdən "Report"a bildirilib ki, imtahan təlimata uyğun olaraq kağız daşıyıcılar vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün nəticələri elan olunduqdan sonra 10 iş günü müddətində DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.