Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib
- 14 oktyabr, 2026
- 17:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Yekaterinburqda (Rusiya) məhkəmə Şahin Şıxlınskinin rəhbərlik etdiyi "Azərbaycan-Ural" ictimai milli-mədəni təşkilatının ləğv edilməsi barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, məhkəmənin qərarı 2026-cı il iyunun 3-də qəbul edilib, lakin bu barədə yalnız indi məlum olub. Təşkilat Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarılıb.
Məlumata görə, "Azərbaycan-Ural" 2023-cü il yanvarın 13-də Yekaterinburqda qeydiyyatdan keçib. Şıxlinski təşkilata 2004-cü ildən rəhbərlik edirdi.
Xatırladaq ki, Şahin Şıxlinski 2025-ci ilin yayında Yekaterinburqda saxlanılıb. Sonradan Rusiya məhkəməsi onu bir sıra cinayət ittihamları, o cümlədən qətllərin təşkili və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi ilə bağlı ittihamlar üzrə təqsirli bilib. Hökmlərin məcmusuna görə o, 24 il azadlıqdan məhrumetmə cəzası alıb.