BDU-da beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib

Elm və təhsil
  • 23 dekabr, 2021
  • 07:25
BDU-da beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib

Bu gün Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, universitetdə “Nizami Gəncəvi İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb: "Tədbirlər Planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində BDU-da bir çox elmi seminar, layihə, müsabiqə, dəyirmi masa, konfrans və s. həyata keçirilib, kütləvi informasiya vasitələrində işıqlandırılıb. Nizami irsinin sadəcə ədəbiyyat deyil, eyni zamanda musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına da təkan verib. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib".

Ədəbiyyat Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğunu vurğulayıb: "Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdəndir. Nizami özünün bu torpağa, bu dilə, bu mədəniyyətə bağlılığını bütün yaradıcılığında dönə-dönə ifadə edib. Nizami Gəncəvi yaradıcılığının miqyası, müraciət etdiyi mövzularla bütün dünya xalqlarının şairidir, bütün millətlər Nizami yaradıcılığında özünü tapa bilər".

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd edib ki, Azərbaycan inkişaf etdikcə öz şəxsiyyətlərinə sahib çıxır: "Onların ruhuna, irsinə sahib çıxır.
Bu gün biz Nizamiyə alim də deyirik, filosof da deyirik. Ancaq o, ilk növbədə şairdir. Onun filosofluğu da maarifçiliyi də şairliyə xidmət edib".

Qeyd edək ki, konfrans sabah da davam edəcək.