Bakıdakı məktəbəhazırlıq qruplarında 2017-2018-ci tədris ili üzrə məşğələlər başlayıb - FOTO
- 02 oktyabr, 2017
- 10:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2017-2018-ci tədris ili üzrə məşğələlər başlayıb.
"Report" xəbər verir ki, bununla əlaqədar 20 nömrəli məktəb-liseydə keçirilən tədbirdə idarənin Ümumi təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova bildirib ki, bu tədris ili üçün BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində yaradılan 850-dən çox məktəbəhazırlıq qrupuna 22 mindən çox uşaq müraciət edib.
Onun sözlərinə görə, bu qrupların məqsədi uşaqların tədrisə hazırlıqlı başlamaları, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir: “Bu il paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki hazırlıq qruplarına daha çox uşaq cəlb edilib. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir".
Qeyd edək ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qurplarında gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Burada təhsil alanlar üçün ev tapşırığı nəzərdə tutulmur və onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin olunur. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.