ADU-da milli adət-ənənələrlə bağlı tədbir keçirilib

Elm və təhsil
  • 07 mart, 2017
  • 16:48
ADU-da milli adət-ənənələrlə bağlı tədbir keçirilib
ADU-nun İnformasiya Departamenti

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) “Milli adət-ənənələrimizi yaşadaq” adlı ədəbi-musiqili tədbir keçirilib. 

“Report”un məlumatına görə, bu təşəbbüslə universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev çıxış edib.

Məqsəd tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsidir.

Tədbirdə xarici ölkələrin respublikadakı səfirliklərinin təmsilçiləri, ali təhsil müəssisələrinin rektorları, KİV nümayəndələri, həmçinin ADU-nun professor müəllim və tələbə heyəti qatılıb.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev və Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov universitetin xanım əməkdaşlarını 8 Mart-Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib və əmək fəaliyyətində fərqlənən xanımların mükafatlandırıldığını söyləyiblər.

Respublikanın tanınmış musiqi ifaçılarının, eyni zamanda universitetin “Dalğa” rəsq ansamblının və tələbələrinin çıxışları tədbirə xüsusi maraq qatıb.

Sonda professor Ə.Abdullayev milli-mənəvi dəyərlərə həsr olunan tədbirdə cəmiyyətdəki fəaliyyəti ilə tanınan insanların iştirak etdiyini söyləyib və onlara dəvəti qəbul edib tədbirə qatıldıqları üçün təşəkkürünü bildirib. 

Təşəbbüsün mahiyyətindən danışan Ə.Abdullayev hər ayın bir günü universitetin əməkdaşları və tələbələrinin könüllü olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlməsinin nəzərdə tutulduğunu qeyd edib. 

O, bu təşəbbüsün həyata keçirilməsinin milli adət-ənənələrimizin qorunması baxımından əhəmiyyətli olduğunu söyləyib. 

Ə.Abdullayev universitetin xanım əməkdaşlarını və tələbələrini 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib.