UN-Habitat təmsilçisi: Təxminən 140 ölkə öz milli iqlim planlarını yeniləyib

Ekologiya
  • 21 may, 2026
  • 13:41
UN-Habitat təmsilçisi: Təxminən 140 ölkə öz milli iqlim planlarını yeniləyib

Təxminən 140 ölkə öz milli iqlim planlarını yeniləyib və bu proses hələ də davam edir.

"Report" xəbər verir ki, bunu UN-Habitat təmsilçisi Lea Ranalder WUF13 çərçivəsində keçirilən "Aşağı karbonlu mənzil tikintisi – Milli siyasətdən yerli fəaliyyətə" adlı sessiyada deyib.

Onun sözlərinə görə, artıq təqdim olunmuş bu Milli İqlim Planlarının (NDC) təxminən 80%-i şəhərləri əhatə edir:

"Bu yanaşma sadəcə sənədin kənarına əlavə olunmuş bir cümlə və ya əlavələrdə qeyd olunan bir mövzu deyil. Əksinə, bu planlar Paris İqlim Hədəflərinə çatmaq üçün hansı sektorların necə işləməli olduğunu sistemli şəkildə müəyyənləşdirir və şəhərlərlə əməkdaşlığı xüsusi olaraq vurğulayır".

L.Ranalder qeyd edib ki, milli iqlim planlarının təxminən yarısı şəhərlərdəki tikilmiş mühit və infrastruktur məsələlərinə xüsusi diqqət yetirir:

"Burada konkret olaraq daşqın riskləri, tikinti işlərinin iqlimə uyğunlaşdırılması və şəhər xidmətlərinin dayanıqlılığının təmin edilməsi kimi məsələlər müzakirə olunur. NDC-lər daxilində artıq bu mövzular ətrafında real bir dialoq mövcuddur. Yəni burada söhbət yalnız mənzillərin adekvat və təhlükəsiz olması deyil, həm də onların iqlim dəyişikliklərinə dayanıqlı, eyni zamanda, əlçatan olmasıdır".