"Xurşidbanu Natəvan" təqaüd proqramı üzrə müsabiqənin qalibləri mükafatlandırılıb

Din
  • 20 noyabr, 2026
  • 14:06
Xurşidbanu Natəvan təqaüd proqramı üzrə müsabiqənin qalibləri mükafatlandırılıb

"Xurşidbanu Natəvan" təqaüd proqramı üzrə müsabiqənin qalibləri mükafatlandırılıb.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, proqram komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu (Fond) tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün təsis edilib.

Mərasimdə çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində özünəməxsus yeri olan Xurşidbanu Natəvanın ziyalı mövqeyindən, xeyriyyəçilik fəaliyyətindən və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələrdən danışıb. O bildirib ki, görkəmli şəxsiyyətlərin adlarını daşıyan təqaüd proqramları onların mənəvi irsindən gənc nəslin bəhrələnməsinə imkan yaradır. Rektor Fond tərəfindən həyata keçirilən təqaüd proqramlarının tələbələrin akademik nailiyyətlərinin dəstəklənməsi, elmi potensiallarının inkişafı və gələcək fəaliyyətlərinə stimul verilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabr ayında qeyd olunan əlamətdar günlərin – Zəfər Günü, Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Gününün xalqımızın milli həmrəyliyinin, dövlətçilik düşüncəsinin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsindəki rolundan bəhs edib. R.Məmmədov gənc nəslin milli-mənəvi mirasa, ailə və tarixi ənənələrə bağlı ruhda yetişdirilməsinin vacibliyini, bu prinsiplərin müasir inkişaf meyilləri ilə uzlaşdırılmasının əhəmiyyətini qeyd edib.Komitə sədri, həmçinin elm və təhsilin dini-mənəvi meyarlar sistemində xüsusi əhəmiyyət daşıdığını bildirərək, bilik əldə etməyin və mütaliənin insanın intellektual inkişafında mühüm rol oynadığını qeyd edib. Tələbələrə müraciətində onları öyrənməyə, yeni bilik və bacarıqlar qazanmağa, şəxsi potensiallarını reallaşdırmağa və ölkənin ictimai-mədəni inkişafında fəal iştirak etməyə çağırıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov Xurşidbanu Natəvanın həyat və fəaliyyətinin, xeyriyyəçilik təşəbbüslərinin və ictimai fəallığının önəmi barədə danışaraq, insanın malik olduğu imkanları cəmiyyətin inkişafına yönəltməsinin əhəmiyyətinə diqqət çəkib. V.Göyüşov təqaüd proqramının tələbə qızların öz bilik və bacarıqlarını nümayiş etdirməsi, müstəqil düşüncə və komanda ilə işləmək vərdişlərini inkişaf etdirməsi baxımından zəruriliyini vurğulayıb. Müasir cəmiyyətdə qadınların intellektual potensialının və ictimai proseslərdə iştirakının vacibliyini diqqətə çatdıran Fond rəhbəri Aİİ-də təhsil alan tələbələrin gələcəkdə elmi tədqiqatlar, dini maarifləndirmə və cəmiyyətin mənəvi inkişafı istiqamətində fəal rol oynayacaqlarına inamını ifadə edib.

Mərasimin sonunda müsabiqə qalibləri mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqədə əvvəlcədən elan olunmuş "Milli-mənəvi dəyərlər", "Vətənpərvərlik", "Erkən nikah", "Təhsildən yayınma", "Ailədə zorakılıq", "Zərərli vərdişlər" və "Ekoloji məsuliyyət" mövzularına uyğun olaraq, Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecində təhsil alan tələbələr iştirak ediblər.

44 filmi