Brüsseldə ikinci Aİ-Böyük Britaniya sammiti başlayıb

Digər ölkələr
  • 20 noyabr, 2026
  • 14:12
Brüsseldə ikinci Aİ-Böyük Britaniya sammiti başlayıb

Noyabrın 20-də Brüsseldə ikinci Avropa İttifaqı-Böyük Britaniya sammiti başlayıb.

"Report"un Avropa bürosunun məlumatına görə, sammitdə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Böyük Britaniyanın Baş naziri Endi Börnhem iştirak edirlər.

Görüşdə tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsini, təhlükəsizlik və müdafiə, energetika, ticarət, miqrasiya və hüquq-mühafizə fəaliyyəti sahələrində əməkdaşlığı müzakirə etmək niyyətindədir.

Liderlərin 2025-ci ilin may ayında Londonda keçirilmiş birinci Aİ-Böyük Britaniya sammitində əldə olunmuş razılaşmaların icrasını təhlil edəcəyi və ikitərəfli münasibətlərin inkişafı üzrə növbəti addımları müzakirə edəcəyi gözlənilir.

Avropa İttifaqı Şurası və Avropa Komissiyası sədrlərinin birgə bəyanatında qeyd olunur ki, Aİ və Böyük Britaniya ortaq dəyərləri və maraqları olan yaxın tərəfdaşlardır, onların təhlükəsizliyi və rifahı isə bir-biri ilə sıx bağlıdır.

Tərəflər müdafiə və təhlükəsizlik, energetika, iqlim siyasəti, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarəti, vətəndaşlar arasında əlaqələr, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədirlər.

Liderlər, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri, o cümlədən Ukraynaya dəstəyi müzakirə edəcəklər.

Sammitin yekunları üzrə birgə bəyannamənin qəbul edilməsi gözlənilir.

"Brexit"dən sonra birinci Aİ-Böyük Britaniya sammiti 2025-ci il mayın 19-da Londonda keçirilib. Bu sammitdə tərəflər strateji tərəfdaşlıq və yenilənmiş əməkdaşlıq gündəliyi barədə razılığa gəliblər. İkitərəfli münasibətlər Böyük Britaniyanın Aİ-dən çıxması haqqında saziş, Vindzor razılaşmaları, eləcə də ticarət və əməkdaşlıq sazişi ilə tənzimlənir.

44 filmi