Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800 min manat ayrılıb
- 04 fevral, 2019
- 14:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncam Azərbaycanda multikulturalizm ənənələrinin daha geniş təbliğ olunması məqsədi daşıyır.
Sərəncamla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu ildə fəaliyyətinin təmin olunması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800 min manat ayrılıb.
Sərəncamda bildirilir ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ötən dövr ərzində Azərbaycan Respublikasında multikulturalizm ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.