Koşta: Aİ-nin iştirakı olmadan Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar verilə bilməz

Digər
  • 24 noyabr, 2025
  • 16:14
Koşta: Aİ-nin iştirakı olmadan Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar verilə bilməz

Ukraynanın ehtiyacları üçün Rusiyanın Avropadakı dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı istənilən müzakirə və qərar Avropa İttifaqının (Aİ) iştirakı olmadan həll edilə bilməz və edilməyəcək.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Luandada Aİ və Afrika İttifaqı sammiti çərçivəsində 27 Aİ liderinin görüşünün yekunları üzrə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta bildirib.

"Biz Avropa Komissiyasının sədri (Ursula fon der Lyayen - red.) ilə birlikdə indicə 27 Avropa liderinin görüşünü başa vurduq və Ukraynada sülhə nail olmaq səyləri ilə bağlı son hadisələri yekunlaşdırdıq. Sülh danışıqlarında yeni bir impuls yaranıb", - A.Koşta bildirib.

O, Ukrayna ilə bağlı Cenevrə görüşünün yekunları üzrə irəliləyişi qeyd edib və həll olunmamış məsələlərin qaldığını əlavə edib: "Aydındır ki, sanksiyalar, Aİ-nin genişlənməsi və ya dondurulmuş aktivlər kimi birbaşa Aİ-yə aid olan məsələlər təşkilatın tam iştirakını və qərarını tələb edir".

A.Koştanın sözlərinə görə, Aİ Ukrayna Prezidenti Volodimir Zelenskiyə bütün zəruri dəstəyi - diplomatik, hərbi, iqtisadi - göstərməkdə davam etməyə sadiqdir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb: "Yalnız suveren ölkə kimi Ukrayna öz silahlı qüvvələri ilə bağlı qərarlar verə bilər. Mən, həmçinin ölkənin gələcəyində Avropanın mərkəzi rolunu vurğulamaq istəyirəm. Sabah biz "istəklilər koalisiyası"ndan olan tərəfdaşlarımızla qarşılıqlı əlaqəni davam etdirəcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti