Dövlət qulluqçusu olmaq istəyən 1552 nəfər imtahan verəcək
- 13 oktyabr, 2026
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il oktyabrın 15-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.
Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün 1552 namizəd qeydiyyatdan keçib.
İmtahanda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
İmtahan iki növbədə təşkil olunur. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə 16:00-da başlayacaq. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahanların keçirilməsi üçün 19 zal admini, 105 nəzarətçi və 15 buraxılış rejimi əməkdaşı ayrılıb.