XİN: Rusiya PUA-larının Polşa sərhədini pozması təsadüfi deyil
- 10 sentyabr, 2025
- 20:58

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Rusiya pilotsuz uçuş aparatları ilə bağlı insident "təsadüfi olmayıb".
"Report" xəbər verir ki, bu barədə "Sky News" portalı məlumat yayıb.
Məlumata əsasən, Sikorski baş verənləri "NATO və Avropa İttifaqına qarşı görünməmiş hücum" adlandırıb.
O əlavə edib ki, Polşanın Baş naziri Donald Tusk hava hücumundan müdafiənin gücləndirilməsi barədə göstəriş verib.
Qeyd edək ki, Sikorskinin bu açıqlaması Rusiya Müdafiə Nazirliyinin Polşa ərazisinə zərbə endirməyi planlaşdırmadıqları barədə bəyanatından sonra verilib.
2025-ci il sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın qərb vilayətlərinə genişmiqyaslı hücumu zamanı onlarla pilotsuz uçuş aparatı Polşanın hava məkanını pozub. Polşa hərbçiləri təhlükə törədən aparatlardan bir neçəsini vurduqlarını və sərhəd bölgələrində onların qalıqlarını tapdıqlarını, insident nəticəsində tələfat olmadığını bildiriblər.
Baş nazir Donald Tusk təcili toplantı keçirib və baş verənlərlə bağlı müttəfiqləri məlumatlandıraraq NATO tərəfdaşları ilə fəaliyyətin əlaqələndirildiyini vurğulayıb.
Hadisə fonunda, Londonda işgüzar səfərdə olan Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.