Ukrayna polisi Ali Rada yaxınlığındakı çadır düşərgəsinin ləğv edildiyini açıqlayıb - YENİLƏNİB

Digər ölkələr
  • 03 mart, 2018
  • 11:25
Ukrayna polisi Ali Rada yaxınlığındakı çadır düşərgəsinin ləğv edildiyini açıqlayıb - YENİLƏNİB

Bakı. 3 mart. REPORT.AZ/ Ukrayna polisi iki məhkəmə qərarı əsasında Kiyevdə Ali Radanın yaxınlığındakı çadır düşərgəsini dağıtdığını bəyan edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, polisin məlumatında çadır düşərgəsində 9 ədəd RQD-5 qumbarası, Molotov kokteyli və beş tüstü minası aşkar edildiyi, hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı müqavimət göstərən 100-dən çox adamın saxlanılaraq polis bölməsinə aparıldığı bildirilib.

Hazırda Milli Qvardiya və kommunal xidmətlər çadır düşərgəsinin ərazisini tərk edir. Etirazçıların əşyalarını xidməti yük maşınlarına və iki traktora yükləyirlər.


*** 12:07

Ukrayna parlamenti yaxınlığında salınan çadır düşərgəsinin ətrafında polislə etirazçılar arasında toqquşmalar yaşanır.

Bu barədə "Report" "Ukrainskaya pravda" internet nəşrinə istinadən xəbər verir.

Toqquşmalar polisin bir sıra cinayət işlərinin araşdırmasını həyata keçirməsi üçün düşərgəyə girməsindən sonra başlayıb.

Qarşıdurmalar zamanı etirazçılar şinləri yandırıb. Polisin 30 nəfəri saxladığı bildirilir.

Məlumata görə, kəllə-beyin travması və qaz yanıqları ilə yaralılar var.

44 - Tezliklə