Ukrayna müdafiə ehtiyacları üçün daha 2,86 milyard avro alıb
- 14 oktyabr, 2026
- 14:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Komissiyası (AK) Ukraynaya dəstək məqsədi daşıyan 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində 2,86 milyard avro ayırıb.
"Report" xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat yayıb.
AK-nın sədri Ursula fon der Lyayen bildirib ki, ayrılan vəsait Ukraynanın ən təcili operativ ehtiyaclarını, o cümlədən ölkənin müdafiəsi üçün lazım olan pilotsuz uçuş aparatları və raketlərə olan tələbatını ödəməyə imkan verəcək.
"Ukraynaya dəstək krediti 2026-2027-ci illərdə müdafiə ehtiyacları üçün təxminən 60 milyard avronun və büdcə yardımı üçün 30 milyard avronun bölüşdürülməsini nəzərdə tutur. 2026-cı ildə Ukraynanın müdafiə-sənaye potensialının dəstəklənməsinə 28,3 milyard avronun yönəldilməsi planlaşdırılır. Kreditin müdafiə komponenti çərçivəsində sonrakı köçürmələr yaxın həftələrdə davam edəcək", - məlumatda bildirilib.
AK-da qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri qış ərəfəsində müdafiə avadanlıqlarının təcili tədarükü xüsusilə vacibdir, çünki bu, Ukrayna silahlı qüvvələrinə əhalini və şəhərləri Rusiya hücumlarından qorumağa imkan verəcək.
Vəsaitlərin ayrılması ilə bağlı bütün qərarlar Ukraynanın dəyişən ehtiyacları nəzərə alınmaqla, eləcə də razılaşdırılmış şərtlərə və nəzarət mexanizmlərinə riayət edilməklə qəbul olunur.