Tramp İsrail və Livan liderlərini danışıqlar üçün Ağ Evə dəvət edib - YENİLƏNİB
- 16 aprel, 2026
- 20:09
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu və Livan Prezidenti Jozef Aunu birbaşa danışıqlar aparmaq üçün Ağ Evə dəvət edib.
"Report" xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.
"Əvvəl yayılmış bəyanatın davamı olaraq, mən İsrailin Baş naziri Benyamin Netanyahunu və Livan Prezidenti Jozef Aunu İsrail və Livan arasında 1983-cü ildən bəri ilk məzmunlu danışıqların keçirilməsi üçün Ağ Evə dəvət edirəm", - paylaşımda bildirilib.
ABŞ liderinin sözlərinə görə, hər iki tərəf sülhün əldə olunmasında maraqlıdır və danışıqlar prosesinin sürətlə irəliləyəcəyinə ümid edirlər.
ABŞ Prezidenti Donald Tramp sabah Livan və İsrailin liderlər səviyyəsində danışıqlar aparacağını bildirib.
"Report" xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.
"İsrail və Livan arasında gərginliyi bir az azaltmağa çalışırıq. Liderlərin görüşündən uzun müddət keçib - təxminən 34 il. Bu, sabah baş tutacaq. Əla!" - o yazıb.
Daha əvvəl Tramp Livan Prezidenti Jozef Aunla telefon danışığı aparıb. Tərəflər Livan və İsrail arasında tezliklə atəşkəsin əldə olunması imkanını müzakirə ediblər.