Sumı hərbi administrasiyasının rəhbəri: Ərazidə 100 min məcburi köçkün var
- 09 sentyabr, 2025
- 10:43

Sumı vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov cəbhəyanı ərazilərdən 57 min insan təxliyə edildiyini açıqlayıb.
O, "Report"un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, avqust ayı ərzində düşmən hücumları nəticəsində 150 yaşayış evi dağıdılıb və zədələnib.
"Təxliyəyə gəlincə, məlumat verə bilərəm ki, Sumı vilayətinin 213 yaşayış məntəqəsi məcburi təxliyəyə məruz qalıb. Bu, 18 cəbhəyanı icmadır. Cəbhəyanı icmalardan ümumilikdə 57 min nəfər təxliyə edilib. Hazırda Sumı vilayəti ərazisində 100 min məcburi köçkün və vilayətdən kənarda təxminən 50 min nəfər qaçqın var", - o bildirib.
"Məlumat verə bilərəm ki, 63 yaşayış məntəqəsində artıq yerli sakinlər qalmayıb. Mən könüllülərə, ictimai təşkilatlara, beynəlxalq tərəfdaşlara təşəkkür etmək istərdim ki, onlar hakimiyyət orqanları, ictimai təşkilatlar, icma rəhbərləri ilə birlikdə məcburi köçkünlərimizin zəruri ərzaq, sosial yardım, tibbi yardımla təmin edilməsində fəal iştirak edirlər"- rəsmi əlavə edib.
Onun sözlərinə görə, təkcə avqust ayı ərzində Rusiya müxtəlif silah növləri ilə Ukraynaya üç min zərbə endirib.