"Sərhədsiz Həkimlər" Haitinin paytaxtında təcili yardım mərkəzini bağlayıb

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 04:50
Sərhədsiz Həkimlər Haitinin paytaxtında təcili yardım mərkəzini bağlayıb

Beynəlxalq qeyri-hökumət təşkilatı olan "Sərhədsiz Həkimlər" (MSF) Haitinin paytaxtı Port-o-Prensdəki təcili yardım mərkəzini bağlayıb.

"Report"un "Euronews"a istinadən məlumatına görə, bu barədə MSF-nin açıqlamasında bildirilib.

Qərar şəhərdə davam edən zorakılıqlara görə verilib.

MSF-nin Turqo rayonundakı təcili yardım mərkəzi mart ayında silahlı şəxslərin təşkilatın əməkdaşlarını evakuasiya edən dörd avtomaşına atəş açmasından sonra müvəqqəti bağlanmışdı. Bəzi işçilər yüngül xəsarətlər almışdılar.

Haiti Xəstəxanası da daxil olmaqla paytaxtdakı tibb müəssisələrinin 60 %-dən çoxu banda zorakılığının artması səbəbindən hazırda ya bağlanıb, ya da ümumiyyətlə işləmir.

"Bina hərbi əməliyyatlar zonalarının yaxınlığında yerləşdiyi üçün artıq bir neçə dəfə güllələrə tuş gəlib, ona görə də işin bərpası həm xəstələr, həm də işçilər üçün çox təhlükəli olardı", - MSF-nin Haitidəki missiyasının rəhbəri Jan-Mark Bike deyib.

Haiti 2021-ci ildə Prezident Jovenel Moyse öldürüldükdən sonra banditizmdən əziyyət çəkir. Silahlı dəstələr hazırda Port-o-Prensin çox hissəsinə nəzarət edir və keçən ilin iyun ayında BMT-nin dəstəklədiyi çoxmillətli təhlükəsizlik qüvvələrinin gəlişi hələ də vəziyyətə ciddi təsir göstərməyib.

BMT-nin İnsan Haqları İdarəsinin yanvarda dərc etdiyi məlumatlara görə, ötən il Haitidə 5 600-dən çox insan öldürülüb ki, bu da 2023-cü illə müqayisədə 20 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti