Səfir: “Azərbaycan stendi Riqadakı xeyriyyə bazarında ziyarətçilərin diqqətini cəlb edib”
- 21 noyabr, 2022
- 12:44
Yeniliklərdən dərhal xəbərdar olun!
“Latviyanın paytaxtı Riqada Milad Xeyriyyə Bazarında Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub”.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “Report”a bildirib ki, tədbirdə ölkəmiz Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə hazırlanmış rəngarəng stendlə təmsil olunub.
Səfir vurğulayıb ki, Azərbaycanın turizm imkanlarından bəhs edən videoçarxlar ziyarətçilərin böyük marağına səbəb olub.
Burada həmçinin Azərbaycan məhsulları, o cümlədən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş kələğayı sənətinin müxtəlif nümunələri təqdim olunub.
Sərginin qonaqları Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Yeddi gözəl” kitabları daxil olmaqla, Azərbaycan ədəbiyyatı ilə tanış olmaq imkanı əldə ediblər. Azərbaycanın milli musiqi alətləri şəklində olan suvenirlər qonaqların diqqətini cəlb edib.
Xeyriyyə bazarının qonaqları Azərbaycan şərablarını, şirniyyatlarını və çaylarını almaq imkanı əldə ediblər. Ənənəvi samovar çayının paylandığı Azərbaycan guşəsi yarmarkada ən çox ziyarət edilən məkanlardan birinə çevrilib.
Xatırladaq ki, Riqa Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil edilən Milad Xeyriyyə Bazarında əldə olunan bütün gəlirlər Latviya xeyriyyə təşkilatlarına veriləcək. Tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan, İtaliya, Fransa, Danimarka, Litva və sair ölkələr iştirak edib.