Rütte Bolqarıstanın Baş naziri ilə Qara dənizdə gəmilərə hücumları müzakirə edib
- 13 oktyabr, 2026
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO-nun Baş katibi Mark Rütte Bolqarıstanın Baş naziri Rumen Radevlə Qara dənizdə, Bolqarıstan sahilləri yaxınlığında iki ticarət gəmisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumları müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Rütte "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"NATO Qara dənizdəki müttəfiqləri ilə sıx əməkdaşlığı davam etdirəcək. Biz artıq şərq cinahında mövcudluğumuzu gücləndirmişik və zərurət yarandıqda çəkindirmə və müdafiə tədbirlərini tənzimləyərək, təhlükəsizlik sahəsindəki vəziyyəti izləməyə davam edəcəyik", - Baş katib yazıb.
Xatırladaq ki, daha əvvəl Radev Qara dənizdə iki gəmiyə PUA hücumu barədə məlumat vermişdi ki, onlardan biri batıb. Hücuma məruz qalan "Chelsea 3" gəmisində 15 heyət üzvü, o cümlədən 8 Azərbaycan və 7 Ukrayna vətəndaşı olub. Onların hamısı xilas edilib, beşi yüngül xəsarət alıb.
Bolqarıstanın baş naziri vurğulayıb ki, hücuma görə məsuliyyəti müəyyən etməyə imkan verən aydın və təkzibolunmaz sübutlar yoxdur.