Rusiya ötən gecə Ukraynaya zərbələr endirib, ölənlər və onlarla yaralı var
- 23 oktyabr, 2025
- 10:48

Rusiya oktaybrın 23-nə keçən gecə Ukraynanın bir neçə bölgəsinə zərbələr endirib, ölənlər və yaralılar var.
"Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat yayıblar.
Xerson Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Rusiyanın hücumu nəticəsində 13 nəfər xəsarət alıb. Qeyd olunur ki, zərbələr yaşayış məhəllələrinə və kritik infrastruktur obyektlərinə dəyib.
Xarkov vilayətinin Kupyansk rayonunda Rusiya ordusu xilasetmə işçilərinin çalışdığı əraziyə təkrar atəş açıb. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, bir xilasetmə işçisi həlak olub, daha beş nəfər xəsarət alıb.
Zaporojye vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, Rusiya qüvvələri sutka ərzində regionun 19 yaşayış məntəqəsinə zərbələr endirib, 16 nəfər yaralanıb.
Məlumata görə, vilayət ərazisinə 10 hava zərbəsi endirilib, həmçinin 490-dan çox pilotsuz uçuş aparatından istifadə edilib. Yaşayış evləri, avtomobillər və infrastruktur obyektləri zərər görüb.