Rubio: ABŞ-də baş verən texniki nasazlıqlar bir-biri ilə əlaqəli deyil
- 18 noyabr, 2026
- 08:03
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-də son vaxtlar baş verən texniki nasazlıqlar bir-biri ilə əlaqəli deyil və Vaşinqtonun rəqiblərinin fəaliyyəti nəticəsində yaranmayıb.
"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Manilada jurnalistlərə açıqlamasında bildirib.
"Biz sistemli hücumun qurbanı olmamışıq. Bu hadisələrin bir-biri ilə heç bir əlaqəsi yoxdur", – deyə o, ABŞ-də baş verən texniki nasazlıqlarla bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bu, digər ölkələrdə ABŞ-yə zərər vurmağa çalışan bədxahların və cinayətkarların olmadığı anlamına gəlmir.
"Əlimizdə olan bütün məlumatlar göstərir ki, bu hadisələrin hər birinin kibercinayətkarlar, bədxah qüvvələr və ya digər ölkələrlə heç bir əlaqəsi olmayan öz izahı və ya səbəbi var. Amerikalılar buna şübhə etməməlidirlər", – deyə Rubio vurğulayıb.
Son vaxtlar ABŞ-də dövlət qurumlarının və iri şirkətlərin sistemlərində mütəmadi olaraq texniki nasazlıqlar baş verir. Ötən həftə ABŞ Federal Aviasiya Administrasiyası hava hərəkətini idarəetmə mərkəzlərində rabitə sisteminin sıradan çıxması səbəbindən ölkə üzrə bütün uçuşları dörd saatdan çox müddətə dayandırıb.
Bundan başqa, texnoloji nəhəng Microsoft, ABŞ-nin ən böyük aviaşirkətlərindən biri olan United Airlines, JPMorgan Chase bankı və Apple korporasiyasının xidmətlərində də genişmiqyaslı nasazlıqlar qeydə alınıb.
Bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) də daxili kompüter şəbəkəsində yaranan nasazlıqlar barədə məlumat yayıb.