Nürnberq hava limanına enən təyyarə ələ keçirilmə siqnalı verib - YENİLƏNİB
- 13 oktyabr, 2026
- 17:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırıcıların müşayiəti ilə Nürnberq hava limanına enən təyyarənin göyərtəsində vəziyyət sakitdir.
"Report" xəbər verir ki, bu barədə "Kommersant" Bavariya polisinin məlumatına istinadən məlumat yayıb.
Havada fövqəladə vəziyyət təyyarənin 7500 siqnalına görə elan edilib. Bu siqnal təyyarənin ələ keçirilməsini bildirmək üçün istifadə olunur. Məlumatın yalan olduğu ehtimal edilir.
Hüquq-mühafizə orqanları hesab edirlər ki, siqnal pilot kabinəsindəki avadanlığın nasaz işləməsi səbəbindən təsadüfən verilib.
"Yerində aparılan yoxlama göstərdi ki, heç bir təhlükə yoxdur", - polisdən bildirilib.
Sərnişin təyyarəsinin göyərtəsində ehtimal edilən fövqəladə vəziyyətlə əlaqədar Almaniyada Nürnberq hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən Almaniyanın "Bild" nəşri məlumat yayıb.
"Biz bunun havada baş vermiş fövqəladə vəziyyət olduğunu ehtimal edirik. Lakin bu məlumat hələ ki, təsdiqini tapmayıb", - polis nümayəndəsi bildirib.
Nəşrin məlumatına görə, polis əməliyyatı Yunanıstanın Korfu adasından XR456 reysini həyata keçirən "Corendon Airlines" aviaşirkətinə məxsus təyyarənin enişindən az əvvəl başlayıb. Hava gəmisi yerli vaxtla saat 12:16-da uğurla eniş edib.
Hava limanının nümayəndəsi təsdiqləyib ki, təyyarəni enişdən əvvəl "Eurofighter" qırıcıları müşayiət edib. Bununla belə, hava limanı bağlı qalır, polis əməliyyatı davam edir.
Qeyd edək ki, oktyabrın 13-nə keçən gecə pilotsuz uçuş aparatıları ilə bağlı xəbərlərə görə hava limanının işində artıq fasilə yaranmışdı. Üç pilot naməlum obyekt gördüklərini bildirmişdi. Aparılan axtarışlar nəticə verməmişdi.