Merts: Növbəti illər üçün Aİ-nin büdcəsi azaldılmalıdır

Digər ölkələr
  • 19 iyun, 2026
  • 14:33
Merts: Növbəti illər üçün Aİ-nin büdcəsi azaldılmalıdır

Avropa Komissiyasının təqdim etdiyi Avropa İttifaqının (Aİ) 2028–2034-cü illər üzrə çoxillik büdcə layihəsi (MFF) həddindən artıq böyükdür və yenidən nəzərdən keçirilməlidir. Berlin isə Aİ-nin ümumi borcunun daha da artırılmasına qarşı çıxır.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

O həmçinin vurğulayıb ki, Berlin Aİ-nin ümumi borcunun daha da artırılmasına qarşı çıxış edir.

"Masanın üzərindəki təklif əhəmiyyətli dərəcədə şişirdilib. Rəqəmlər azaldılmalıdır", - Merts MFF-in müzakirə edildiyi Aİ liderləri sammitinin ikinci gününün başlamasından əvvəl bildirib.

Onun sözlərinə görə, yeni çoxillik maliyyə planının razılaşdırılması Aİ-nin büdcə siyasətinin proqnozlaşdırıla bilməsini təmin etməlidir.

Merts müzakirələrin yalnız xərclər deyil, həm də büdcənin gəlir hissəsi üzərində cəmləşməli olduğunu qeyd edərək, Aİ-nin yalnız sərəncamında olan vəsaitləri xərcləyə biləcəyini vurğulayıb.

Kansler Aİ səviyyəsində yeni birgə borclanmaya qarşı Almaniyanın mövqeyini bir daha diqqətə çatdırıb.

"Mən Aİ-nin borcunun daha da artırılması yolu ilə getməmək barədə xahişimi bir daha təkrar edirəm. Biz bunu etməməliyik", - o bildirib.

Kanslerin sözlərinə görə, büdcə ilə bağlı hazırkı təklif yenidən işlənməlidir, bundan sonra üzv dövlətlər gəlir və xərclərin strukturunu müzakirə etməlidirlər. O, 2026-cı ilin ikinci yarısında ölkələrin ümumi razılığa gələ biləcəklərinə ümid etdiyini bildirib.