Messi Argentina millisində vida matçını keçirib

Futbol
  • 07 oktyabr, 2026
  • 06:03
Messi Argentina millisində vida matçını keçirib

Argentina futbol millisi ulduz hücumçu Lionel Messinin yığma komandadakı vida matçında Benin seçməsini 3:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, Buenos-Ayresdəki "Monumental Antonio Vespussi Liberti" stadionunda keçirilən qarşılaşmadan əvvəl tribunaya Messinin 10 nömrəli formasının və "GRACIAS" yazısının əks olunduğu nəhəng banner açılıb.

Matçın 10-cu dəqiqəsində oyun dayandırılıb və Argentina millisinin 10 nömrəli futbolçusu növbəti dəfə alqışlarla yola salınıb. Bir dəqiqə ərzində stadionda olan azarkeşlər və hər iki komandanın futbolçuları Messini alqışlayıblar.

İlk hissə qolsuz başa çatıb. İkinci hissədə Nikolas Otamendi, Niko Pas və Lionel Messi fərqləniblər. Görüşün əsas qəhrəmanı olan Messi isə vurulan hər üç qolda iştirak edib və iki məhsuldar ötürmə verib.

Əfsanəvi hücumçu Argentina millisində ilk oyununu 2005-ci ilin avqustunda Macarıstana qarşı keçirilən yoldaşlıq görüşündə (2:1) keçirib. Messi yığmanın heyətində ümumilikdə 208 matçda 126 qol vurub və 69 məhsuldar ötürmə edib.

O, Argentina ilə 2022-ci ildə dünya çempionu olub, iki dəfə Amerika Kubokunu (2021, 2024) və 2022-ci ildə Finalissimani qazanıb.

Messi daha əvvəl 2026-cı il dünya çempionatından sonra Argentina millisində çıxışını başa çatdıracağını açıqlayıb.

44 - Tezliklə