Merts Aİ ilə ABŞ arasında gömrük tarifləri üzrə razılaşmanın tezliklə əldə olunacağına ümid edir
- 11 sentyabr, 2025
- 03:17

Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqı ilə ABŞ arasında hələ də həll olunmamış məsələləri əhatə edən gömrük tarifləri ilə bağlı etibarlı razılaşmanın tezliklə əldə olunacağına ümid etdiyini bildirib.
"Report"un məlumatına görə, bu barədə F.Merts Berlində Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Mən Avropa İttifaqı ilə ABŞ arasında tezliklə etibarlı razılaşmanın əldə olunacağını gözləyirəm. Təkcə razılaşdırılmış tariflər üzrə deyil, həm də bu günə qədər açıq qalan məsələlər üzrə. Bu, ilk növbədə, polad və alüminium üzrə tariflərdir", – deyə o qeyd edib.
Onun sözlərinə görə, vaxt burada həlledici amildir, çünki Almaniya iqtisadiyyatı və bütövlükdə Avropa sənayesi yüksək tariflərin yaratdığı qeyri-müəyyənlikdən əziyyət çəkir. Merts həmçinin Avropa sənayesində hüquqi müəyyənlik və aydınlığın təmin olunması üçün Avropa Parlamentinin müvafiq razılaşmaları operativ şəkildə təsdiqləməsinin vacibliyini vurğulayıb.