Lu Mey: Çin qlobal problemlərin həllində əməkdaşlığın tərəfdarıdır
- 27 oktyabr, 2026
- 16:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin qlobal problemlərin həllində sivilizasiyalararası dialoqun, qarşılıqlı hörmətin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır.
"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
Onun sözlərinə görə, qlobal çağırışlar şəraitində xalqlar arasında qarşılıqlı anlaşma və etimadı möhkəmləndirmək lazımdır.
"Dialoq vasitəsilə qarşılıqlı anlaşma və etimadı gücləndirməli, təcrübə mübadiləsi yolu ilə həmrəyliyi və konsensusu formalaşdırmalıyıq. Bunlar bəşəriyyətin vahid taleyə malik birliyinin yaradılmasının ən mühüm əsaslarıdır", - diplomat qeyd edib.
O vurğulayıb ki, bütün sivilizasiyalar özünəməxsus dəyərə malikdir və hər biri eyni dərəcədə hörmətə layiqdir.
"Biz sivilizasiyalar arasında bərabərlik, qarşılıqlı öyrənmə, dialoq və açıqlıq prinsiplərinə sadiq qalmalı, onların harmonik şəkildə birgə yaşayışına və qarşılıqlı zənginləşməsinə can atmalıyıq", - Lu Mey deyib.
Səfir həmçinin sivilizasiyalararası dialoqun əsas iştirakçıları olan xalqlar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Çin yüksək səviyyəli açıqlıq kursuna sadiq qalaraq, beynəlxalq mübadilələrə kömək məqsədilə vizasız rejim və xarici vətəndaşların girişini asanlaşdırmaq üçün digər tədbirlər tətbiq edib.
"Çin həmçinin digər ölkələrlə birlikdə sivilizasiyalar arasında dialoqu gücləndirməyə, dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsini genişləndirməyə, ümumi problemləri həll etməyə və yeni qarşılıqlı fəaliyyət yolları axtarmağa hazırdır", - diplomat qeyd edib.
Lu Mey vurğulayıb ki, Çin çoxsaylı mədəni irs obyektlərinin qorunması və səmərəli istifadəsi üçün əhəmiyyətli səylər göstərir, həmçinin yaradıcı yanaşma əsasında digər ölkələrə onların mədəni irsinin və ənənələrinin qorunmasında və inkişafında kömək edir.
Diplomat həmçinin mədəniyyətlərarası dialoqun inkişafında müasir texnologiyaların roluna diqqət çəkib.
"Süni intellekt və sosial media mədəniyyətin qorunması və ölkələr arasında dialoqun inkişafı üçün yeni imkanlar açır. Biz insan sivilizasiyalarının ümumi rifahına kömək edərək, sivilizasiyalararası mübadilələrin inkişafı, qarşılıqlı öyrənmə, irsin qorunması və innovasiyaların tətbiqi üçün yeni süni intellekt texnologiyalarının potensialından istifadə etməliyik", - o qeyd edib.