Kuşner Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yeni təkliflər barədə məlumat verib
- 15 noyabr, 2026
- 01:02
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Rusiya, Ukrayna və Avropalı tərəfdaşları ilə birlikdə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edə biləcək yeni təkliflər üzərində işləyir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, üçtərəfli danışıqlardan, daha sonra isə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirələrdən sonra Amerika tərəfi danışıqlar prosesinin iştirakçıları ilə məsləhətləşmələri davam etdirir.
"Bu müzakirələr zamanı hazırda öyrənilməkdə olan bir neçə yeni ideya ortaya çıxıb. Onlardan bəziləri birbaşa irəliləyişə səbəb ola, digərləri isə mövcud fikir ayrılıqlarını aradan qaldırmağa kömək edə biləcək yeni təkliflərə çevrilə bilər", - Kuşner qeyd edib.
O vurğulayıb ki, Vaşinqton Moskva və Avropalı tərəfdaşlar arasında birbaşa qarşılıqlı fəaliyyətin təşkilinə, eləcə də üçtərəfli danışıqların növbəti raundunun gündəliyinin hazırlanmasına diqqət yetirib.
Kuşnerin sözlərinə görə, davamlı sülh müqaviləsi Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərini və yeni silahlı münaqişənin qarşısını almağa yönəlmiş konkret müharibədən sonrakı mexanizmləri nəzərdə tutmalıdır.
"NATO hərbi qarşılıqlı fəaliyyət, rabitə, münaqişəli vəziyyətlərin qarşısının alınması və qarşılıqlı deeskalasiyanın daha səmərəli mexanizmləri, eləcə də fikir ayrılıqlarının böhrana çevrilməzdən əvvəl həlli üçün praktiki yollarla tamamlanan Avropa təhlükəsizliyinin ən vacib dayağı olaraq qalacaq", - o vurğulayıb.
Kuşner qeyd edib ki, məhz buna görə də ABŞ Avropa tərəfdaşlarının bilavasitə müzakirələrə cəlb olunması üzərində işləyir.
O əlavə edib ki, istənilən yekun razılaşma maraqlı tərəflərlə razılaşdırılmalıdır. Bununla belə, ABŞ Prezidenti Donald Tramp yalnız Ukrayna və Avropanın təhlükəsizliyini gücləndirəcək, yeni münaqişə ehtimalını azaldacaq razılaşmaları dəstəkləyəcək.
Kuşnerin sözlərinə görə, tərəflərin sərt ictimai bəyanatlarına baxmayaraq, qapalı məsləhətləşmələrin iştirakçıları münaqişəyə son qoymaq üçün praktiki kompromislərin zəruriliyini dərk edirlər.
O vurğulayıb ki, nizamlanma üzərində iş gedir, lakin müzakirə olunan məsələlərin mürəkkəbliyi danışıqların məxfiliyinin qorunmasını tələb edir.