Rişi Sunak: Britaniya Arktikadakı Rusiya hərbi bazalarına zərbələr endirməyə hazır olmalıdır

Digər ölkələr
  • 15 noyabr, 2026
  • 00:40
Rişi Sunak: Britaniya Arktikadakı Rusiya hərbi bazalarına zərbələr endirməyə hazır olmalıdır

Böyük Britaniya Moskvanın mümkün təhdidlərinin qarşısını almaq üçün Arktikadakı Rusiya hərbi bazalarına zərbələr endirməyə hazır olmalıdır.

"Report" "TodayPress TV"yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın sabiq baş naziri Rişi Sunak "The Sunday Times" qəzeti üçün məqaləsində bildirib.

Onun sözlərinə görə, Rusiya Şimal Donanmasının qərarlaşdığı və Rusiya nüvə qüvvələrinin əhəmiyyətli hissəsinin cəmləşdiyi Kola yarımadasında hərbi mövcudluğunu genişləndirir. Sunakın iddia etdiyinə görə, Rusiya hərbi dəniz donanmasının Böyük Britaniya sahillərində fəallığı 41% artıb.

Sabiq baş nazir hesab edir ki, əsas təhlükə silahlı münaqişə baş verəcəyi təqdirdə Amerika qoşunlarının və hərbi texnikasının Avropaya daşınmasını çətinləşdirə biləcək Şimali Atlantika üzərində nəzarətin mümkün itirilməsindədir.

O həmçinin, beynəlxalq internet trafikinin böyük hissəsinin ötürülməsini təmin edən sualtı kommunikasiya kabellərinə qarşı təhdidlər barədə xəbərdarlıq edib.

Bununla əlaqədar olaraq Sunak sualtı müşahidəni gücləndirməyi, Şimali Avropadakı müttəfiqlərlə birgə əməliyyatları genişləndirməyi və Britaniya xüsusi təyinatlı qüvvələrini Arktikada fəaliyyət göstərməyə hazırlamağı təklif edib.

"Biz Rusiyaya göstərməliyik ki, münaqişə baş verərsə, onun bazalarını təhlükə altına ata bilərik", - o vurğulayıb.

Sunakın fikrincə, Rusiya-Ukrayna münaqişəsinin nəticəsindən asılı olmayaraq, Moskva Qərb ölkələrinin yaranan təhdidlərə reaksiya vermək hazırlığını yoxlamağa davam edəcək. Bununla əlaqədar olaraq, o, Rusiya hərbi infrastrukturuna zərbələr endirmək imkanını çəkindirmə strategiyasına daxil etməyə çağırıb.

44 filmi