Danimarka XİN başçısı ABŞ nümayəndə heyətinin Qrenlandiyaya səfər proqramındakı dəyişiklikləri alqışlayıb
- 26 mart, 2025
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ nümayəndə heyətinin Qrenlandiyaya səfərinin "Pituffik" kosmik bazasını ziyarətlə məhdudlaşdırılması ölkə administrasiyasının verdiyi düzgün qərardır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.
"Amerikalılar səfər zamanı Qrenlandiya cəmiyyəti ilə təmasda olmayacaq, bunun əvəzində onlar özlərinin "Pituffik" bazalarını ziyarət edəcəklər və buna qarşı heç bir etirazımız yoxdur", - nazir qeyd edib.
Daha əvvəl ABŞ-nin ikinci xanımı, həmçinin ölkə prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və energetika naziri Kris Raytdan ibarət nümayəndə heyətinin cümə axşamından şənbə gününə qədər adaya gələcəyi planlaşdırılmışdı.
Öz növbəsində, Danimarkanın Baş naziri Mette Frederiksen bildirmişdi ki, ABŞ Qrenlandiyaya son dərəcə böyük təzyiq göstərir.
Lakin bir gün əvvəl Ağ Ev elan edib ki, nümayəndə heyətinə ABŞ-nin vitse-prezidenti Cey Di Vens rəhbərlik edəcək və o, yalnız təhlükəsizliklə bağlı vəziyyəti yoxlamaq üçün "Pituffik" bazasını ziyarət edəcək.