Brüsseldə nəqliyyat işçilərinin tətili iğtişaşlara çevrilib
- 14 oktyabr, 2025
- 22:33

Səhər saatlarında Brüsseldə həmkarlar ittifaqlarının çağırışı ilə dinc şəkildə başlayan nəqliyyat işçilərinin ümummilli tətili günortaya doğru iğtişaşlara çevrilib.
"Report"un Avropa bürosunun məlumatına görə, şəhərin müxtəlif ərzilərində polis ilə toqquşmalar və vandalizm aktları baş verib.
Günortadan sonra vəziyyət o qədər gərginləşib ki, polis xüsusi bölmələri su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Federal "Arizona" koalisiyasına daxil olan və kütləvi narazılıq doğuran pensiya islahatını dəstəkləyən sosialist "Vooruit" Partiyasının qərargahı zərər görüb. Etirazçılar qərargah binasının pəncərələrini sındırıb, müxtəlif rənglərə boyayıb və "Utanın" kimi sözlər yazıblar.
Həmçinin mərkəzi vağzal yaxınlığındakı "Hilton" otelinin girişinə hücum edilib. Onun qarşısındakı mağazanın vitrinlərinə Fələstin tərəfdarları tərəfindən "Soyqırımı" yazısı olan stikerlər yapışdırılıb.
Brüsselin müxtəlif hissələrində aksiya iştirakçıları ictimai skuterləri barrikada kimi düzərək hərəkəti dayandırıb, zibil qutularını yandırıb və fişənglər atıblar.
Polis 20 nəfəri saxlayıb, vandalizm və yanğın hadisələri üzrə istintaq aparılır.
Axşama doğru vəziyyət sabitləşməyə başlasa da, bar və kafelərin yaxınlığında həmkarlar ittifaqlarının rənglərində – qırmızı, mavi və yaşıl gödəkçələr geyinmiş etirazçı izdihamları müşahidə olunub.
Polisin məlumatına görə, tətil və yürüşdə təxminən 80 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə bu rəqəmin 140 min olduğunu bildirib. Aksiyaya Flandriyadan müəllimlər də qoşulublar.