Naxçıvanın xarici ticarət dövriyyəsi 67 %-dən çox artıb

Biznes
  • 13 oktyabr, 2026
  • 15:14
Naxçıvanın xarici ticarət dövriyyəsi 67 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 155,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 67,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 28,4 milyon ABŞ dolları ixracın, 127,3 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 53,9 % azalıb, idxal isə 2,8 dəfə artıb.

Son nəticədə xarici ticarətdə 98,9 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə təxminən 47 dəfə çoxdur.

Bundan başqa, 9 ay ərzində muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 1 il əvvələ nisbətən 2,6 % çox - 1 milyard 136,7 milyon manat təşkil edib. Ticarət şəbəkəsində 586,5 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 550,2 milyon manatlıq qeyri-qida məhsulları satılıb.

44 - Tezliklə