Belqradda Srebrenitsa soyqırımının qurbanları anılıb
- 12 iyul, 2026
- 02:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiyanın paytaxtı Belqradın Respublika meydanında Srebrenitsa soyqırımının qurbanları anılıb.
"Report"un Balkan bürosu xəbər verir ki, soyqırımından 31 il ötməsi ilə əlaqədar keçirilən aksiya Gənclərin İnsan Hüquqları Təşəbbüsü tərəfindən təşkil edilib.
Aksiya iştirakçıları şamlar yandıraraq, eləcə də gül dəstələri qoyaraq soyqırımı qurbanlarını anıblar.
Təşkilat Serbiyanın dövlət qurumlarını BMT Baş Assambleyasının Srebrenitsa soyqırımı ilə bağlı qətnaməsini qəbul etməyə və onun tövsiyələrini, o cümlədən 11 iyulun Srebrenitsa soyqırımı qurbanlarının Anım Günü elan olunmasını həyata keçirməyə çağırıb.
Polisin müşayiət etdiyi aksiyada Almaniyanın Serbiyadakı səfiri Anke Konrad da iştirak edib. Aksiya insidentsiz başa çatıb.
Xatırladaq ki, 11 iyul Srebrenitsa soyqırımı qurbanlarının xatirəsinin anım günüdür. 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 1995-ci il iyulun 11-12-də bosniyalı müsəlmanlara qarşı Srebrenitsa şəhərində soyqırımı törədib. Bu cinayət nəticəsində azı 8 300 dinc, günahsız müsəlman öldürülüb.