"Al Hadath": Əli əl-Amudi Qəzza zolağında HƏMAS-ın rəhbəri seçilib
- 21 iyul, 2026
- 01:08
Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağındakı yeni rəhbəri əvvəllər təşkilatın informasiya şöbəsinə başçılıq etmiş Əli əl-Amudi olub.
"Report" bu barədə "Al Hadath" telekanalına istinadən xəbər verir.
Bundan başqa, hərəkat İordan çayının Qərb sahilində öz liderini təyin edib. Bu vəzifəni Zahir Cabarin tutub.
Daha əvvəl HƏMAS Xəlil əl-Hayyanın hərəkatın Siyasi Bürosunun rəhbəri postuna seçildiyi barədə məlumat yayıb. Bu təyinatdan əvvəl o, Fələstin anklavında radikallara rəhbərlik edirdi.
HƏMAS-ın rəhbəri postu 2024-cü ilin oktyabrında İsrail qüvvələrinin Qəzza zolağının cənubundakı Rəfah şəhərində yerləşən yaşayış binasına zərbə endirməsi nəticəsində Yəhya Sinvarın öldürülməsindən sonra boş qalmışdı. Sinvar öz vaxtında bu vəzifəni 2024-cü ilin iyulunda Tehrandakı iqamətgahında İsrailin əməliyyatı nəticəsində öldürülən İsmayıl Haniyədən sonra tutmuşdu.