Qəzənfər Əhmədov: Azərbaycan üçün Ermənistanın itkinlərin dəfn yerlərini təqdim etməsi əhəmiyyətlidir
- 08 oktyabr, 2026
- 17:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün bütün mümkün tədbirlərin görülməsi və ailələrə mövcud məlumatların təqdim edilməsi beynəlxalq humanitar hüquq üzrə öhdəliklərdir.
"Report" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.
O bildirib ki, Azərbaycan üçün Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi və onların dəfn yerləri barədə dəqiq və hərtərəfli məlumatların təqdim edilməsi xüsusi əhəmiyyət kəsb edir:
"Bu sahədə praktiki əməkdaşlıq ailələrin iztirablarını azaltmağa və davamlı sülh üçün zəruri olan etimadı gücləndirməyə kömək edə bilər. Elmi və texniki əməkdaşlıq da davam etdirilməlidir. Təcrübə mübadiləsi, birgə tədqiqatlar və məhkəmə-tibbi ekspertiza, genetika və müasir axtarış texnologiyaları sahəsində mütəxəssislərin hazırlanması əldə etdiyimiz bilikləri praktiki nəticələrə çevirməyə kömək edəcək. Dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlər arasında davamlı əlaqələrin qorunması bu əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır".
Q.Əhmədov qeyd edib ki, sözügedən Bəyannamə layihəsində beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər məsələsinə xüsusi həsr olunmuş mexanizmin yaradılmasına yardım göstərməyə çağırılır: "Bu məsələdə BMT ilə əməkdaşlığa hazırlığın ifadə olunmasını gələcək beynəlxalq müzakirələr üçün mühüm addım hesab edirik".
O əlavə edib ki, Azərbaycanda itkin şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində səylər Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqəti altında həyata keçirilir: "Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə sistemli fəaliyyətini davam etdirir. Ölkəmiz öz təcrübəsini bölüşməyə və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır".