Aİ Ukraynanın işğal olunmuş ərazilərində Rusiya seçkilərinə qatılan şəxslərə sanksiya tətbiq edib
- 12 oktyabr, 2026
- 14:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Şurası 2026-cı ilin sentyabrında Rusiyanın işğalı altında olan Ukrayna ərazilərində RF Dövlət Dumasına keçirilən seçkilərdə iştirak etdiklərinə görə 77 nəfərə qarşı sanksiya tətbiq edib.
"Report"un Avropa bürosunun Aİ Şurasına istinadən verdiyi məlumata görə, sanksiya siyahısına qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası, Zaporojye və Xerson vilayətlərində, eləcə də Krım və Sevastopolda namizədliyini irəli sürmüş 74 namizəd daxil edilib.
Siyahıya daxil edilən daha üç nəfər Aİ-nin bu seçkilərin təşkilində ittiham etdiyi Rusiya Mərkəzi Seçki Komissiyasının üzvləridir.
Avropa İttifaqının qiymətləndirməsinə görə, seçkilərdə iştirak etmək Rusiyanın Ukraynaya qarşı təcavüzünü qanuniləşdirmək cəhdlərinə və onun ərazilərinin qanunsuz işğalının davam etdirilməsinə kömək edib.
Siyahıya daxil edilənlərin Aİ-yə daxil olması və onun ərazisindən tranzit keçməsi qadağandır. Onların Avropa İttifaqındakı aktivləri dondurulmalıdır. Bundan başqa, Aİ vətəndaşları və şirkətlərinin onlara vəsait və iqtisadi resurslar təqdim etməsi qadağan olunub.