ABŞ Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a yeni təklif təqdim edib
- 07 sentyabr, 2025
- 22:53

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında hərtərəfli atəşkəslə bağlı HƏMAS-a əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən yeni təklif təqdim edib.
"Report"un məlumatına görə, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb.
Portalın bildirdiyinə görə, Tramp HƏMAS-a təklif edir ki, qalan 48 girovun hamısını azad etsin. Əvəzində atəşkəs, o cümlədən Qəzza şəhərinin ələ keçirilməsinə yönəlmiş əməliyyat dayandırılacaq. Bundan sonra isə İsrail 2,5 min – 3 min arası fələstinli məhbusu, o cümlədən israillilərin qətlinə görə ömürlük həbs cəzası çəkən yüzlərlə şəxsi azad edəcək.
Bundan əlavə, atəşkəs elan edildikdən dərhal sonra müharibənin başa çatmasının şərtləri üzrə danışıqlara başlanması nəzərdə tutulur. Bu çərçivədə İsrailin HƏMAS-ın silahsızlaşdırılması tələbləri və hərəkata dair İsrail ordusunun Qəzza zolağından tam və qəti şəkildə çıxarılması şərtləri müzakirə olunacaq.
"Əgər HƏMAS bu təşəbbüsə müsbət cavab versə, Tramp müharibənin dayandırılması üzrə səylərə aktiv şəkildə qoşulacaq və danışıqlar aparıldığı müddətdə döyüş əməliyyatları dayandırılacaq. Əks halda, alternativ mənfi olacaq: İsrailin Qəzza şəhərində genişmiqyaslı əməliyyatı", – jurnalist razılaşmanın detalları barədə yazıb.
İsrailin 12-ci telekanalının məlumatına görə, Baş nazir Binyamin Netanyahunun ətrafı bu təklifə cavab olaraq bildirib ki, İsrail bunu çox ciddi şəkildə nəzərdən keçirir.