İtkin-şəhid Möysüm Əliyevin qardaşı: Gözümüz yoldan çəkildi

Daxili siyasət
  • 03 iyul, 2026
  • 16:15
İtkin-şəhid Möysüm Əliyevin qardaşı: Gözümüz yoldan çəkildi

I Qarabağ müharibəsinin itkin-şəhidi Möysüm Əliyevin qardaşı Azad Əliyev şəhidin keçdiyi döyüş yolundan danışıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Azad Əliyev qardaşının dəfn mərasimində artıq gözlərinin yoldan çəkildiyini bildirib.

"Ona sevinirəm ki, gözümüz yoldan çəkildi. İtkin xəbəri gözləyən hər kəsə bu anı yaşamağı arzu edirəm", - deyə o qeyd edib.

A.Əliyevin sözlərinə görə, qardaşı Möysüm 1973-cü il sentyabrın 18-i Füzuli rayonunun Dədəli kəndində anadan olub:

"Ermənilər torpaqlarımıza göz dikdikləri zaman o da silaha sarılıb. Qardaşımın döyüş yolu hərbi xidmətə gəldiyi ilk günlərdən başlayıb. İlk döyüşü 1992-ci il iyun ayının 28-i Tuğ kəndi uğrunda olub. Orada batalyon komandiri - Milli Qəhrəman Rasim İbrahimovla bərabər döyüşüb. Möysüm Rasim İbrahimovu döyüş meydanından çıxararkən qolundan ağır yaralanıb, hərbi hospitalda müalicəsi tam başa çatmamış yenidən hərbi hissəyə qayıdıb. Bundan sonra rayonun Məngələn ata, Qacar kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib".

O əlavə edib ki, qardaşı 1993-cü ilin avqust ayında - Füzuli rayon mərkəzi ermənilər tərəfindən işğal olunduqdan sonra Əhmədbəyli kəndində xidmətinə davam edir:

"1993-cü ilin payızında Gəncə şəhərində Xüsusi Təyinatlı qüvvələrin hərbi təlimində iştirak edib. Qardaşımın sonuncu döyüşü 1994-cü il yanvarın 11-də Aşağı Abdurrəhmanlı kəndində olub".