Biləsuvarda küçə adları ilə bağlı problem aradan qaldırılıb, lövhələrin vurulmasına başlanılıb
- 02 avqust, 2023
- 07:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar şəhərində küçələrin adları ilə bağlı yaranmış problem aradan qaldırılıb, lövhələrin vurulmasına başlanılıb.
Bu barədə "Report"un yerli bürosuna şəhər bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, rayon mərkəzində əsasən şəhid adlarının verildiyi küçələrə ad lövhələri vurulur və bu istiqamətdə işlər davam etdirilir.
Xatırladaq ki, Biləsuvar şəhərində küçələrin adlarını göstərən lövhələrin sıradan çıxması və ümumiyyətlə küçə adlarını bildirən lövhələrin vurulmaması problemlərə yol açıb.
Rayon sakinləri və qonaqlar küçə adlarını bildirən lövhələrin olmadığına görə ünvanları tapmaqda çətinlik çəkdiklərini söyləyiblər. Sakinlər uzun illərdir mövcud problemlə üzləşdiklərini bildirirdilər.
Bir müddət əvvəl isə məsələ ilə bağlı "Report"da material dərc olunub və sakinlərin üzləşdiyi problem işıqlandırılıb. Yalnız bundan sonra aidiyyəti qurumlar problemin aradan qaldırılacağını bildiriblər.
Qeyd edək ki, hazırda Biləsuvar şəhəri ərazisində 103 küçə mövcuddur.